Kürəvi kran

Kürəvi kran valın ortasına yerləşdirilmiş içiboş fırlanan kürədən ibarətdir. Bu kürə valın fırlanma hərəkəti sayəsində kranın korpusu daxilində 90° dönərək axının idarə olunmasını təmin edir. 

Kürəvi kranlar etibarlı və möhkəmdir. Uzun müddət eyni vəziyyətdə qalsalar belə, funksiyalarını etibarlı şəkildə yerinə yetirə bilirlər. Eyni zamanda val vəziyyətinin tez-tez dəyişdirilməsinə imkan verirlər. Bununla belə, onlardan əsasən tam açıq və tam bağlı rejimdə istifadə olunur. Tam açıq və ya tam bağlı vəziyyətlərdən başqa hallarda axını yaxşı idarə etmirlər. Buna görə də onların tənzimləyici klapan kimi istifadəsi tövsiyə edilmir.

Kürəvi kranlar bir çox brend tərəfindən 1000 bar təzyiqə və 400 °C temperatura qədər, metal, plastik, keramika kimi müxtəlif materiallardan istehsal oluna bilər. Bununla yanaşı, kürəvi kranların tənzimləmə üçün istifadə edildiyi hallarda maye tez-tez korpus ilə kürə arasında qalır. Soyuq havada yığılan bu su kürədə və kranın korpusunda genişlənərək kranın çatlamasına və ya zədələnməsinə səbəb olur. Bu, mühüm çatışmazlıqdır; əgər kürəvi kran hava temperaturunun 0 °C-dən aşağı düşdüyü mühitdə istifadə ediləcəksə, şaxtaya davamlı (frozen – freeze proof type) kranlardan istifadə edilməlidir.

Kriogen mayelər və ya kürənin içində genişlənə bilən məhsullar üçün kranın axın üzrə yuxarı tərəfində havalandırma dəliyi nəzərdə tutulur.

Kürəvi kranların istifadəsində ən kritik problemlərdən biri çirklənmədir. Xüsusilə kranların içməli su və ya qida müəssisələrində istifadə edildiyi hallarda korpus ilə kürə arasında yığılan su bakteriyaların əmələ gəlməsinə və ya müxtəlif mayelərin istifadəsi zamanı qarışmaya səbəb olur. Bu isə ilk növbədə insan sağlamlığına, sonra isə istehsalın keyfiyyətinə zərər verir. Bu yığılmanın qarşısını almaq üçün kürənin korpusla yaratdığı boşluqlar kürənin oturduğu səthlər uzadılaraq bağlanır.

Bu tip kranlar boşluqsuz “Cavity Filler Ball Valve” adlanır; qida və ya içməli su tətbiqlərində istifadə olunan araqatların və kranın materialları qida və insan sağlamlığı üçün uyğun olmalıdır.