Nasoslarda çarx növləri

Mərkəzdənqaçma nasoslarında çarx növləri

Çarxın əsas vəzifəsi mühərrikdən val vasitəsilə gələn mexaniki enerjini içindən keçən mayeyə ötürərək mayeyə və ya qaza müəyyən təzyiq və axın qazandırmaqdır.

İstehsalda istifadə olunan xammalın müxtəlifliyini nəzərə alsaq, bir-birindən olduqca fərqli xüsusiyyətlərə malik mayelərin ötürülməsi zəruridir. Bu mayelər və onların xüsusiyyətləri dəyişdikcə nasosda istifadə olunan çarx tipi də dəyişməlidir. Məsələn, mədəndə istifadə olunan şlam nasosunun, suvarma nasosunun və tullantı suyu nasosunun çarxları bir-birindən fərqli olmalıdır. Hər bir çarx tipi istifadə məqsədindən asılı olaraq müəyyən üstünlüklərə və çatışmazlıqlara malikdir.

Açıq çarx

Açıq çarx, şəkildə göründüyü kimi, müəyyən mərkəzdən bucaq altında çıxan pərlərdən təşkil olunmuş, ön tərəfində heç bir örtüyü olmayan, arxa tərəfində isə qismən açıqlığı olan çarx tipidir. Adətən tərkibində bərk hissəciklər olan tullantı suyunun və ya paslanmayan poladdan hazırlanaraq tərkibində qida məhsulları olan mayelərin ötürülməsində istifadə olunur.

Bərk hissəcikləri ötürmə qabiliyyəti yüksək olduğundan tıxanma riski olan proseslər üçün olduqca idealdır. Lakin maye çarx tərəfindən sıxılmadığı üçün nasosun FİƏ-si təəssüf ki, aşağıdır.

Qapalı çarx

Qapalı çarx, mayeni tam şəkildə təzyiq altına ala bilmək üçün həm ön, həm də arxa səthindən örtülmüşdür. Bu sayədə çarxa daxil olan maye ön və arxa disk arasında sıxılır və çarxın fırlanma hərəkəti ilə pərlərdən mayeyə enerji ötürülməsi birbaşa baş verir. Bir çox tətbiqdə istifadə olunur və xüsusi hal olmadıqda əsas çarx tipi məhz budur. Çarxı böyütməklə və ya pərlər arası açıqlığı dəyişməklə müxtəlif tip mayelərdə istifadəsi mümkün olsa da, mayedə hissəciklər olduqda tıxanma riski var və təmizlənməsi olduqca çətindir.


Yarımaçıq çarx

Bu çarx tipi əslində yuxarıda bəhs etdiyimiz açıq çarxın arxa tərəfinin tam qapalı olduğu növüdür. Yəni çarxın arxa səthi mayenin qaçmasının qarşısını alır, ön tərəfdə isə heç bir örtük yoxdur. Yarımaçıq çarx bərk hissəciklərin arabir rast gəlinə bildiyi, lakin ölçülərinin daha kiçik və daha az tezlikdə olduğu mayelərdə üstünlük verilir. Açıq çarxla müqayisədə daha səmərəli olsa da, qapalı çarxın FİƏ göstəricilərinə çatması mümkün deyil.

Bəhs etdiyimiz bu üç çarx qrupu əsas quruluşu və prinsipi təşkil edir; bunlardan əlavə istehsalçıların ixtisaslaşdıqları proseslərə uyğun hazırladıqları çox müxtəlif çarx tipləri mövcuddur, onların bəzi nümunələri aşağıdakı kimidir. Burada əsas məsələ istifadə olunacaq proses üçün ən uyğun çarx növünün müəyyən edilməsidir.

Mənbə: KSB Global