ELEKTRİK MÜHƏRRİKLƏRİNİN QOŞULMA ÜSULLARI VƏ XÜSUSİYYƏTLƏRİ
Üçfazalı asinxron mühərriklərdə stator dolaqları hazırlandıqdan sonra şəbəkəyə qoşulmaq üçün mühərrikin klemma qutusuna adətən altı uc çıxarılır. Bunlar dolaqların giriş və çıxış uclarıdır. Bu ucların qoşulma növündən asılı olaraq mühərrikləri müxtəlif üsullarla işə salmaq (yəni ilk dəfə işə buraxmaq) mümkündür.
Birbaşa işəsalma (Direct Online, DOL)
Bu üsul, adından da göründüyü kimi, mühərrikin birbaşa şəbəkəyə qoşulmasıdır. Ən sürətli və asan üsul olsa da, özündə bəzi problemlər daşıyır. DOL üsulunda mühərriklər ilk işəsalma anında şəbəkədən 7-10 dəfə artıq cərəyan çəkir. Bu, kiçik mühərriklərdə (<5.5 kW) problem yaratmaya bilər, lakin daha böyük mühərriklərdə şəbəkə nasazlıqlarına, güc itkilərinə və gərginlik balanssızlığına səbəb ola bilər.
Ulduz-üçbucaq işəsalma
Bu işəsalma üsulunda əsas məqsəd yuxarıda qeyd etdiyimiz işəsalma cərəyanının qarşısını almaqdır. Mühərrik işəsalma zamanı ulduz sxemində işə salınır və bu sayədə ilk hərəkət daha aşağı cərəyanla təmin edilir. İşəsalmanı başa çatdırmış mühərrik dərhal normal qoşulma olan üçbucaq sxeminə keçir. Bu qoşulmada ən vacib məqamlar ulduz sxemində işləmə müddəti və ulduzdan üçbucağa keçid müddətidir.
Ulduz sxemində mühərrik dolaqlarına düşən gərginlik V/√3-ə, cərəyan isə 1/3 dəyərinə qədər azalır. Əgər mühərrik tam dövrlər sayına çatmadan üçbucaq sxeminə keçərsə, yuxarıda qeyd etdiyimiz kimi DOL rejimində işə düşür və işəsalma cərəyanı yaranır. Digər tərəfdən, ulduz sxemində cərəyan və gərginlik aşağı olduğundan mühərrikin fırlanma momenti də aşağıdır, buna görə də bu işəsalma növü onsuz da yük altında olan mühərriklərə tətbiq edilə bilməz. Lakin mühərrik dövrlər sayına çatdığı halda üçbucaq sxeminə keçilməzsə, bu dəfə mühərrik qoşulmuş yükü çəkə bilməyəcək. Bu qoşulma növündə ulduz-üçbucaq keçidi olduqca vacibdir və bu keçid ani olmalıdır.
Yumşaq işəsalma qurğusu ilə işəsalma (Softstarter)
Softstarterlər mühərrikə verilən gərginliyi tədricən, pillə-pillə artırır. Beləliklə, mühərrikin ani yüklənməsinin və işəsalma cərəyanının qarşısını alır. Yumşaq işəsalma qurğusundan istifadə həm mühərrikə, həm də elektrik sisteminə gərginlik ötürmədiyi üçün avadanlıqların və sistem komponentlərinin xidmət müddətini uzadır.

