Mərkəzdənqaçma nasosunda diyirmanlı podşipnikin funksiyası və yağlanması

Mərkəzdənqaçma nasosunda diyirmanlı podşipnikin funksiyası və yağlanması

Mərkəzdənqaçma nasosları konstruksiyalarına görə işlədikləri müddət ərzində radial və aksial yüklərə məruz qalır. Bu yüklər nasosu təşkil edən hissələrdə daimi gərginlik yaradır və materiallara zərər verir. Burada həm nasosda yaranan bu yükləri tarazlaşdırmaq, həm də fırlanan avadanlıqları dəstəkləmək üçün diyirmanlı podşipniklərdən istifadə olunur. Deməli, podşipniklər nasosu təşkil edən ən vacib hissələrdən biridir və podşipniklərə yanlış texniki xidmət və ya yanlış yağlama nasosun xidmət müddətini qısaldır.

Podşipnikdən istifadə olunan bütün fırlanan avadanlıqlarda gec-tez sürtünmə üstün gələcək, podşipnik zədələnəcək və dəyişdirilməli olacaq. Lakin düzgün texniki xidmət və yağla sürtünməni minimuma endirərək həm podşipnikin, həm də nasosun xidmət müddətini uzatmaq mümkündür.

 Podşipniklərin yoxlanılması və yağlanmasında nəzərə alınmalı məqamlar

  • İlk növbədə nasosunuzdakı podşipnikin yağlanma növünü bilməliyik. Nasoslarda istifadə olunan podşipniklər adətən konsistent yağla yağlanan qapalı tip (birdəfəlik), konsistent yağla yağlanan açıq tip (yağı dəyişdirilə bilən) və xarici yağlamalı olur.
  • Podşipnik xarici yağlamalıdırsa, non-detergent (yağdakı hissəcikləri materialın hərəkətsiz səthlərinə yapışdıraraq sürtünmə və təmas nöqtələrinə çöküntü və hissəcik daşımayan yağ) və non-foaming (köpüklənməyən) tipli yağlardan istifadə edilməlidir.
  • Nasos istehsalçısının dərc etdiyi, nasosda istifadə oluna biləcək yağ növlərinə mütləq baxılmalı, nasosun yerləşdiyi mühit və iş şəraiti standartlardan çox fərqlidirsə, bu barədə mütləq istehsalçıdan dəstək istənilməlidir.
  • Həddindən artıq yağlamadan mütləq qaçınmaq lazımdır. Həddindən artıq yağlama nasosun çəkdiyi gücü artıraraq lüzumsuz enerji sərfinə səbəb olacaq və podşipnikdə əlavə istilik yaradacaq.
  • Yağ yoxlanılarkən həddindən artıq bulanıqlıq və ya çöküntü müşahidə edilərsə, yağ ən qısa müddətdə dəyişdirilməlidir.
  • Podşipnik dəyişdirilə bilən konsistent yağla yağlanırsa, podşipnikdə yalnız bir növ və marka konsistent yağdan istifadə edilməli, müxtəlif marka və növlü konsistent yağlar qarışdırılmamalıdır.
  • Konsistent yağla yağlanan podşipniklərdə də həddindən artıq yağdan istifadə temperaturun və güc sərfinin artmasına gətirib çıxaracaq, podşipnikdə qızma ilə bağlı zədələrə səbəb olacaq.
  • İstər xarici yağlamada, istərsə də konsistent yağla yağlamada, yağ dəyişdirilərkən əvvəlki yağdan qalan çöküntü və çirklər səliqə ilə təmizlənməli və yağ dəyişməsi bu təmizlikdən sonra aparılmalıdır.
  • Nasosda qapalı tip podşipnik istifadə olunursa, podşipnikin dəyişdirilməsinə dair ilk siqnallar görünən kimi podşipnik yenisi ilə əvəz edilməli, köhnə podşipnikin qapaqları açılaraq yenidən yağlanıb təkrar istifadə edilməməlidir.