Standartlar sənaye və ticarət mühitinin son dərəcə vacib hissəsidir. Şirkətlər standartlara uyğun məhsulları tələb etməklə, satın aldıqları məhsulların, hətta əvvəllər heç əməkdaşlıq etmədikləri şirkətlərdən gəlsə belə, mühüm performans və təhlükəsizlik tələblərinə cavab verəcəyinə əmin ola bilərlər. Standartlar həmçinin müxtəlif tədarükçülər tərəfindən istehsal edilmiş məhsulların belə eyni əsas xüsusiyyətlərə malik olacağına zəmanət verir.
Standartların bu qədər faydalı olduğunu nəzərə alsaq, ticarət birlikləri tərəfindən müəyyən edilən “sənaye standartları” (məs. elektrik avadanlıqları üçün NEMA və ya neft üçün API) daxil olmaqla çoxlu sayda standartın mövcud olması təəccüblü deyil. Bu məqalədə sənaye nasosları üçün iki mühüm standart toplusunun müqayisəsinə diqqət yetiriləcək: ANSI B73.1 və ISO 5199.
Tarixi inkişaf
Amerika Milli Standartlar İnstitutu (ANSI) 1918-ci ildə IEEE, ASME və ASCE kimi mühəndislik təşkilatları və ABŞ-ın müxtəlif dövlət qurumları tərəfindən birgə təşəbbüs kimi yaradılmış özəl, qeyri-kommersiya üzvlük təşkilatıdır. Hazırda geniş çeşiddə məhsul və prosesləri əhatə edən 10.000-dən çox Amerika Milli Standartı (ANS) mövcuddur.
ISO-nun kökləri isə 25 ölkədən olan nümayəndələrin bir çox milli və sahəyə xas standartlar arasında körpü qura biləcək beynəlxalq standartların gələcəyini müzakirə etmək üçün Londonda bir araya gəldiyi 1946-cı ilə gedib çıxır. Hazırda texnologiya və ticarətin bir çox aspektini əhatə edən 19.500-dən çox beynəlxalq standart mövcuddur.
Tarixən ISO standartları Avropa və Asiyada daha üstün mövqe tutduğu halda, ANSI standartları ABŞ-da və Amerikanın digər regionlarında daha geniş istifadə olunur. Lakin son dövrdə hər iki standart bir çox ortaq məxrəcdə birləşmiş, qloballaşmanın da təsiri ilə ISO standartları bütün dünyada daha geniş yayılmışdır.
ANSI B73.1 (Bəzən ASME B73.1 kimi də adlandırılır.)
Bu standart birpilləli, ucdan sorucu mərkəzdənqaçma nasosları ailəsi üçün kimya sənayesinin ehtiyaclarını ödəmək məqsədilə hazırlanmışdır. Standart 27 nasos ölçüsünü əhatə edir və onların hər biri üçün bir sıra əsas ölçüləri müəyyən edir. Bu ölçülərə çılpaq nasosun ümumi hündürlüyü və uzunluğu, flans və val diametrləri, montaj boltlarının ölçüsü, yeri və aralıqları və s. daxildir. Bu standart həmçinin nasosun performansı və bəzi konstruktiv xüsusiyyətləri ilə yanaşı, servis və əsas texniki xidmət (məs. dəyişdirilə bilən aşınma halqaları üçün arxadan çıxarılan konstruksiya (back pull-out)) xüsusiyyətlərini də müəyyənləşdirir.
Ölçülərin, montaj tərtibatının və əsas yerləşmənin standartlaşdırılması müxtəlif istehsalçıların ANSI B73.1 nasoslarının bir-birini asanlıqla əvəz edə bilməsi deməkdir.
ISO 5199 (və ISO 2858)
Bu iki standart ANSI B73.1 ilə eyni tip sənaye nasoslarını əhatə edir. Köhnə ISO 2858 xarici ölçülərə və montaj detallarına diqqət yetirdiyi halda, ISO 5199 əlavə olaraq müxtəlif performans tələblərini (məs. minimum podşipnik ömrü) və konstruktiv xüsusiyyətləri (məs. ümumi yerləşmə, kipləşdirici konfiqurasiyaları) müəyyən edir. Bəzi baxımdan (məs. icazə verilən maksimum vibrasiya səviyyələri) ISO 5199 ANSI B73.1-dən daha sərtdir.
Ümumilikdə ISO 5199 standartına cavab verəcək şəkildə istehsal olunan nasoslar performans, etibarlılıq, servis rahatlığı və uzunömürlülük baxımından ANSI B73.1 tələblərinə cavab verir və ya onları üstələyir. Lakin ISO 5199 nasosları özül və muftalarda müəyyən uyğunlaşdırmalar aparılmadan ANSI B73.1 maşınlarının yerinə birbaşa istifadə edilə bilməz. Bunun səbəbi ekvivalent ölçülü nasoslarda belə montaj boltlarının yerləşməsinin, val diametrlərinin və sorma/vurma flanslarının mövqelərinin fərqli olmasıdır. Mənşə regionlarına görə bir çox ANSI B73.1 nasosu 50 Hz elektrik şəbəkəsinə uyğun layihələndirilmiş, ISO 5199 nasosları isə 60 Hz asinxron elektrik mühərriklərinə qoşulmaq üçün nəzərdə tutulmuşdur. Bununla belə, ISO 5199 nasos istehsalçılarının əksəriyyətinin 60 Hz modelləri mövcuddur.
Avropadan, xüsusilə də Almaniyadan çıxan ISO sertifikatlı məhsulların əksəriyyəti ANSI analoqlarında olmaya biləcək təsirli yeni enerjiyə qənaət texnologiyalarına malikdir. Alman dizaynlı məhsulların keyfiyyəti, səmərəliliyi və uzun xidmət müddəti ilə tanınmasının səbəbi var. Avropa ISO məhsulundan əldə edilən enerji qənaəti sərf olunan səyə dəyə bilər.
Mənbə: KSB Global

